Kobaxidze niyə “kiçik partiyalar”ın və ayrı-ayrı şəxslərin qadağan olunmasını tələb etmədiklərini izah edir – ƏTRAFLI

77

Baş Nazir İrakli Kobaxidze bildirib ki, müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı konstitusiya iddiası hazırlanarkən onlar “beynəlxalq təcrübəyə” əsaslanıblar.

Kobaxidze dövlətə məxsus “İmedi” telekanalında çıxışı zamanı “konstitusiyaya zidd elan olunacaq” üç əsas partiya ilə “əlaqəli” olan kiçik partiyaların niyə bu iddiaya daxil edilmədiyini izah edib.

“Biz burada ilk növbədə hüquqi təcrübəyə əsaslandıq. Gürcüstanda Konstitusiya Məhkəməsi, təbii ki, beynəlxalq təcrübəyə istinad edir. Biz elə partiyalara qarşı iddia qaldırmaq istəmədik ki, nəticə əldə olunmaya bilər.

Eyni praktika Almaniyada da formalaşıb və Strasburq Məhkəməsinin təcrübəsi də eyni məntiqlə davam edir. Məsələn, Almaniyada Milli Demokrat Partiyasının qadağan edilməsi ilə bağlı iddia Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmədi, çünki həmin partiyanın seçki baryerini keçmək üçün real resursu yox idi və bu, mahiyyətcə çox kiçik, siyasi təsir gücü olmayan bir partiya idi.

Əgər bir partiyanın siyasi proseslərə real təsiri yoxdursa, o zaman konstitusiya quruluşuna da ciddi təhlükə yarada bilməz. Biz bu təcrübəni nəzərə aldıq,” – deyə Kobaxidze bildirib.

Varis partiyalar məsələsinə toxunan Kobaxidze deyib ki, fərdlərin siyasi fəaliyyətinə qadağa qoyulması barədə qərar ona görə qəbul edilməyib ki, əgər artıq qadağan olunmuş partiya ilə əlaqəsi olan şəxslər yeni partiya yaratsalar, “qanunvericilikdə bu məsələyə dair aydın qaydalar mövcuddur və varis partiyaların qadağan olunması ilə bağlı qərar sürətli prosedurla qəbul ediləcək”.

“Fərqli ölkələrdə olduğu kimi, bizdə də qanunvericilik varis partiyalar məsələsini tənzimləyir. Bu qaydalar bizə imkan verir ki, əgər kimsə Konstitusiya Məhkəməsinin qərarından yan keçməyə çalışsa, həmin qərarı tədricən varis adlandırılan partiyalara da tətbiq edə bilək. Buna görə də fərdlərin adlarını çəkməyə ehtiyac qalmadı.

‘Lelo’nun yerli özünüidarəetmədə təmsilçilərinə gəlincə, özünüidarəetmə inzibati səviyyəli hakimiyyət sayılır və siyasi proseslərə əhəmiyyətli təsir göstərmir. Bu səbəbdən biz həmin məsələni iddiaya daxil etmədik.

Bir daha qeyd edirəm ki, əgər kim isə bu qadağan olunmuş partiyaların əvəzinə eyni məzmunlu yeni partiya yaratmağa çalışarsa, beynəlxalq standartlara uyğun olaraq, bizdə varis partiyaların qadağan edilməsi ilə bağlı sürətli prosedur tətbiq ediləcək,” – deyə Kobaxidze əlavə edib.

 28 oktyabrda İvanişvilinin parlament sədri Şalva Papuaşvili brifinqdə bildirib ki, “Gürcü Arzusu”, “Xalqın Gücü” və “Avropa Sosialistləri” partiayaları konstitusiya iddiasına qoşulublar. Bu iddia üç müxalifət partiyanın – “Milli Hərəkat”, “Yeni Gürcüstan” və “Lelo – Güclü Gürcüstan” – fəaliyyətinin qadağan edilməsini nəzərdə tutur.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tramp: ABŞ ən çox nüvə silahına malikdir, mən onların sınaqdan keçirilməsini əmr etmişəm
Öncəki yazı
Latviyada ölkənin Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Konvensiyadan çıxmasına etirazlar keçirilir – ƏTRAFLI