Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə Avropa İttifaqına üzvlük məqsədini qoruyur, lakin Aİ-nin hazırkı vəziyyəti ciddi problemlərlə üz-üzədir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Baş Nazir Birinci Kanala müsahibəsində bildirib.
“Ümid edirik ki, 2030-cu ilə qədər Avropa İttifaqı bu fəlakətli problemləri aradan qaldıracaq və mövcud mənfi tendensiyalar dəyişəcək,” – deyə o, “Birinci Kanal”ın “Günün mövzusu” verilişində qeyd edib.
Kobaxidzenin sözlərinə görə, son 17 ildə Avropa İttifaqının dünya iqtisadiyyatındakı payı 30 faizdən 17,5 faizə enib.
“Bu, tam bir iqtisadi fəlakətdir. 2008-ci ildən sonra Aİ-də iqtisadi tənəzzül başlayıb və bu günə qədər davam edir,” – o vurğulayıb.
Baş nazir həmçinin bildirib ki, Aİ-də “çətin tendensiyalar” hökm sürür və əsas qərarların bir hissəsi “dərin dövlət” tərəfindən idarə olunur.
“Danimarkada keçirilən sammitdə liderlər ‘yenilənmənin vacibliyindən’ danışırdılar, lakin bu proseslər hazırda çox mürəkkəb vəziyyətdədir,” – deyə o qeyd edib.
Kobaxidze Aİ-də “identiklik və mədəni dəyərlər” sahəsində də böhran yaşandığını iddia edib:
“Miqrasiya nəticəsində Avropada demoqrafik dəyişikliklər gedir. Məsələn, Berlində və Londonda ən çox qoyulan ad artıq Məhəmməddir. Bu, Avropa İttifaqının üzləşdiyi əsas problemlərdən biridir.”
O, həmçinin Aİ-nin “LGBT məsələsində” yanlış istiqamət götürdüyünü deyib:
“Avropa Komissiyası uşaqların cinsini dəyişməsinə dair təşəbbüs irəli sürüb və bu qanuna qarşı çıxan ölkələrə sanksiya tətbiq etməyi planlaşdırır. Bu, faciəvi vəziyyətdir.”
Kobaxidze sonda vurğulayıb ki, Aİ-dəki vəziyyət dəyişməsə, iqtisadi və sosial böhran daha da dərinləşəcək:
“Əgər bu proseslər davam etsə, növbəti beş ildə vəziyyət indiki qədər deyil, daha da ağır olacaq. Belə şəraitdə, məsələn, Finlandiyanın bu cür xarici işlər nazirinə sahib olması nə iqtisadi irəliləyişə, nə də dəyərlərin qorunmasına ümid yaradır.”