Kiber təqibçi əvvəlcədən seçilmiş qurbanı təqib etmək və hədələmək üçün onlayn texnologiyalardan istifadə edən şəxsə deyilir. Yaşından və cinsindən asılı olmayaraq hər kəs kiber təqibçinin qurbanı ola bilər.
Texnologiyanın təkamülü və sosial media tətbiqlərinin artması kiber təqibçilərin hədəflərini izləməyi və onları təqib etməyi asanlaşdırıb. Rəqəmsal dünyanın anonimliyi təəssüf ki, kiber təqibçilərə hədəfləri ilə fiziki əlaqə yaratmadan onlar haqqında məlumat toplamaq və qurbanlarını manipulyasiya etmək imkanı verib. Qurbanlar nə qədər çox əziyyət çəkirsə, kiber təqibçilər bundan bir o qədər həzz alır.
Kiber təqibçiləri necə aşkar etmək olar?
Kiber təqibçilər qurbanları qorxutmaq, alçaltmaq və nəzarət etmək üçün müxtəlif taktikalardan istifadə edirlər. Məsələn:
- Hədəfin sosial media paylaşımlarına həddindən artıq şərh vermək və ya bəyənmək ;
- Hədəfin şəxsi şəkillərini və məlumatlarını sosial şəbəkədə paylaşmaq və şantaj etmək;
- Təhdidedici və ya nəlayiq e-poçtlar, mesajlar və ya mətnlər göndərmək;
- Qurbanın razılığı olmadan postlarda etiketləmək;
- Sosial şəbəkələrdə qurbanı təqlid etmək;
- Şəxsin onlayn hesablarını oğurlamaq ;
Kiber təqibçilər qurbanlarını axtarış sistemlərində, söhbət otaqlarında, bloqlarda, tanışlıq proqramlarında, Facebook, Instagram, Twitter və LinkedIn kimi sosial media şəbəkələrində axtarırlar. Bu platformalar onlara hədəfləri haqqında şəxsi məlumatları toplamaq və onların real yerlərini müəyyənləşdirmək imkanı verir.
Qeyd etmək lazımdır kı, kiber təqibçilər təkcə psixi sağlamlığınız üçün deyil, həm də rəqəmsal təhlükəsizliyiniz üçün təhlükədir.
Bəs kiber təqibçilərdən necə qorunmaq olar?
Kiber təqibçinin sizin haqqınızda hansı məlumatları onlayn tapa biləcəyini öyrənmək üçün Google-da özünüzü axtarışa verin. Bunu edən zaman telefon nömrəsi, iş və ya ev ünvanı kimi şəxsi məlumatlarınızı internetdə tapmağın nə qədər asan olduğuna təəccüblənə bilərsiniz.
Beləliklə, kiminsə sizi təqib etdiyini başa düşsəniz, nə edə bilərsiniz:
- Bütün onlayn hesablarınız üçün parolları nəzərdən keçirin və mütəmadi olaraq dəyişdirin.
- Sosial media platformalarında ciddi məxfilik parametrlərini aktivləşdirin.
- Yaxın dostlarınız və ya ailənizdən başqa insanlarla onlayn paylaşımı məhdudlaşdırın.
- Sosial şəbəkədə dost siyahınızı nəzərdən keçirin. Şübhəli kontaktları silin və ya bloklayın.
- Şəkilləri onlayn yerləşdirərkən məkanları bildirməkdən çəkinin, çünki bu, kiber izləyicilərə harada olduğunuzu izləməyə imkan verə bilər.
- Zərərli proqram hücumlarından və şəbəkənizi dinləməkdən özünüzü qorumaq üçün VPN istifadə edin.
- Tanışlıq proqramlarında, sosial mediada və ya oyun platformalarında tanış olduğunuz insanlara tam adınız, telefon nömrəniz, ev ünvanınız və ya iş yeriniz kimi həssas və ya şəxsiyyətinizi müəyyənləşdirə bilən məlumatları verməyin.
- Sizi təhqir edən insanları bloklayın və onları sosial media platformasında xəbər verin.
- “Bitdefender”- kimi rəqəmsal mühafizə şirkətlərinin proqramları internetdə gəzərkən arxada qoyduğunuz rəqəmsal izinizə nəzər yetirmənizə imkan verir. Adınız, yaşınız, e-poçt ünvanınız, telefon nömrələriniz və iş yerləriniz, təhsiliniz və şəkilləriniz kimi ictimai məlumatlar sizə məlumat mənbələrini asanlıqla təhlil etməyə imkan verən kateqoriyalara qruplaşdırılıb. İstifadəçilər məlumatlara daxil olmağı və müvafiq olaraq silməyi seçə bilərlər.
Qeyd edək ki, kiber təqibçilərin əksəriyyəti öz qurbanları ilə tanışdır. Bəzi hallarda, o qurbanın keçmiş sevgilisi və ya hətta iş yoldaşı ola bilər.
Əgər siz, dostunuz və ya ailə üzvləriniz davamlı rəqəmsal təcavüzlə qarşılaşırsa, özünüzü təhdid və ya qorxu altında hiss edirsinizsə, dərhal polisə məlumat verin. Hüquq-mühafizə orqanlarına təhvil vermək üçün sübut kimi ekran görüntüləri, zərərli e-poçt və ya mətnlər qovluğunu saxlamaq həmişə faydalıdır.