Daxili İşlər Nazirliyinin Kaxeti rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti ağırlaşdıran şəraitdə adam öldürməyə cəhd və odlu silahların saxlanması, daşınması, qanunsuz alqı-satqıda təqsirli bilinən, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü İ.X. saxlanılıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Cinayətlər 16 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsinin Keşəli kəndində, onun keçmiş həyat yoldaşı – 1988-ci il təvəllüdlü N.D. və 1987-ci il təvəllüdlü İ.C.-ni avtomat silahdan açılan atəşlə yaralayıb və hadisə yerindən qaçıb.
Aldıqları xəsarətlər nəticəsində İ.C. hadisə yerində ölüb, N.D. isə xəstəxanaya yerləşdirilib, müvafiq tibbi yardım göstərilib.
Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları İ.X-ni təqsirləndirilən şəxs qismində saxlayıb və cinayət silahını sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə iki və ya daha çox şəxsə qarşı adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldəetmə, saxlama və gəzdirməni nəzərdə tutan 19-109 və 236-cı maddələri ilə aparılır.