“Azadlıq” radiosunun Avropa bürosunun redaktoru Rikard Jozviak mənbələrə əsaslanaraq yazır ki, oktyabrda Avropa Komissiyası hər üç ölkənin – Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə üzvlük məsələsində növbəti mərhələlərə keçmək ilə bağlı tövsiyə ilə çıxış edəcək.
Onun sözlərinə görə, Ukrayna və Moldova üçün bu tövsiyələr, üzvlüklə bağlı danışıqlara başlamaq üçün yaşıl işığın yanması, Gürcüstan üçün isə potensial namizəd statusunun namizəd ölkə statusuna dəyişdirilməsi deməkdir.
“Gürcüstana növbəti mərhələyə keçmək üçün əlavə tövsiyələr verilə bilər. Ola bilər ki, Gürcüstan üçün Avropa Komissiyası hansısa “müvəqqəti” qiymətləndirmə aparsın, Kiyev və Kişinyov məsələsində isə üzvlüklə bağlı danışıqlar başladılsın. Bəzi narahatlıqlar, xüsusən də məhkəmə məsələləri daha sonra həll oluna bilər. Bir çoxları Brüsseli qəzəbləndirən “xarici agentlər” qanunu ilə bağlı baş verən hadisələr və etirazlardan sonra Gürcüstanın niyə namizəd statusu almalı olduğunu sual edə bilər. Brüssel hələ də hesab edir ki, Ukrayna və Moldovadan Tbilisi bir addım geridə qalıb. Lakin bütün tələbləri yerinə yetirməməsinə baxmayaraq, Bosniya və Herseqovinanın da namizəd status aldığını nəzərə alsaq, Gürcüstan üçün namizəd statusu təklifi hələ də ağlabatandır”, – Jozwiak yazıb.
Jozwiak yazır ki, Tbilisi, Kiyev və Kişinyov üçlüyü Avropa Komissiyasının ötən yay verdiyi tövsiyələri tez bir zamanda həyata keçirəcəklərini qeyd edir. Buna baxmayraq, Brüsselin verilən tövsiyyələrin bu il üçün yerinə yetirilməyəcəyi ilə bağlı narahatlıqı var.
Onun sözlərinə görə, Ukrayna məsələsində bu tövsiyyələr, xüsusilə Konstitusiya Məhkəməsinin islahatları və anti-oliqarxiya və media ilə bağlı qanunların həyata keçirilməsinə aiddir. Moldovanın korrupsiyaya qarşı mübarizədə hələ çox işi var və Gürcüstan siyasi qütbləşmə ilə mübarizədə və müstəqil məhkəmə sisteminin təmin edilməsində irəliləyiş əldə etməlidir.