“Gürcü Arzusu” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili – müxalifətin onu dövlət institutlarını ələ keçirməkdə, demokratiyanı zəiflətməkdə və Rusiyameylli siyasət yürütməkdə ittiham etməsinə baxmayaraq – hesab edir ki, partiyasının hakimiyyəti dövründə bütün seçkilər azad keçirilib və “cəmiyyət hakimiyyəti maksimum dərəcədə öz əlinə alıb.”
İvanişvili 4 oktyabrda keçirilən yerli özünüidarəetmə seçkilərində ailəsi ilə birlikdə Tbilisinin Mtatsminda dairəsində səs verib. Jurnalistlərə açıqlamasında o, “Gürcüstanda ardıcıl olaraq azad seçkilərin keçirildiyini” bildirib:
“Bu gün də belə maraqlı və çox vacib seçkilərdən biridir.”
Onun sözlərinə görə, “Gürcü Arzusu” cəmiyyətə “azad seçkilər keçirmək imkanı” yaradıb:
“Son illərdə azad söz, azad biznes və azad həyatın əsaslarını formalaşdırdıq.”
İvanişvili partiyanın 13 illik hakimiyyətində “əhəmiyyətli nailiyyətlər” əldə edildiyini vurğulayıb. Ən böyük uğurun isə “cəmiyyətin obyektiv analiz aparmağı, tənqidi düşünməyi öyrənməsi” olduğunu deyib:
“Buna görə də biz həmişə cəmiyyətin istədiyi nəticəni alırıq.”
Onun fikrincə, vətəndaş cəmiyyətinin inkişafı nəticəsində xalq seçkilərdə “düzgün mövqe nümayiş etdirmək bacarığı” qazanıb və bu, bütün sahələrdə uğurlara yol açıb.
İvanişvili konkret nailiyyətlər və eyni gündə keçiriləcək etiraz aksiyaları barədə suallara cavab verməyib.
Xatırladaq ki, bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. Əsas müxalifət partiyalarının bir qismi seçkiləri boykot edib. Bu il ilk dəfə olaraq aparıcı yerli müşahidə təşkilatları prosesi izləməkdən imtina edib, ATƏT missiyası da seçkiləri müşahidə etmir.
Eyni zamanda, Tbilisidə etiraz aksiyası da planlaşdırılıb. Aksiyalar ötən ilin noyabrından – hökumət Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər gündəmdən çıxardıqdan sonra – başlayıb. Həmçinin 2024-cü ilin parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı etirazlar da davam edib.
Hazırkı aksiyaların əsas tələbləri – növbədənkənar parlament seçkilərinin keçirilməsi, saxlanılan və mühakimə olunan etirazçıların azadlığa buraxılmasıdır.