İtaliyanın Udine əyalətində 19 gürcü qadın saxta şəxsiyyət sənədlərinə sahib olduqlarına və hazırladıqlarına görə həbs edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Onların sözlərinə görə, Udine Prokurorluğu tərəfindən aparılan araşdırmadan sonra Dövlət Polisi qanunsuz miqrasiyaya qarşı genişmiqyaslı əməliyyat çərçivəsində 12 müxtəlif əyalətdə 52 yerdə axtarışlar aparıb.
Udine Əyalət Gəlir Agentliyinin ərazi idarələri məhkəmə orqanlarına məlumat veriblər ki, xeyli sayda gürcü qadın vergi kodu almaq üçün Aİ-yə üzv ölkələrin (Slovakiya, Polşa, Litva) şəxsiyyət vəsiqələri ilə özlərini Aİ vətəndaşı kimi təqdim ediblər.
Beləliklə, onlar işləmək hüququ əldə edə, həmçinin Aİ vətəndaşlarının istifadə etdiyi hüquqi, vergi və sağlamlıq imtiyazlarından yararlana bilərdilər. Daha sonra daha asan iş tapa bildikləri başqa əyalətlərə köçüblər.
Müstəntiqlər xaricdə sənədlər hazırlayan və təxminən 600 avro ödədikdən sonra alıcılara çatdıran yaxşı strukturlaşdırılmış bir təşkilatın mövcudluğundan şübhələnirlər. Saxta sənədləri kimin aldığının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
İtaliya mətbuatının yazdığına görə, məhbusların İtaliyada daimi yaşamaq tələblərinə cavab vermədikləri sübut olunarsa, onlar ölkədən çıxarılacaqlar.