İsti hava ilə bağlı əhaliyə xəbərdarlıq – tövsiyələr
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi yay aylarında havanın kəskin istiləşməsi ilə bağlı əhaliyə tövsiyələr verib. Bildirilir ki, davamlı yüksək temperatur insan sağlamlığına mənfi təsir göstərir – yeni xəstəliklərin yaranmasına və mövcud problemlərin kəskinləşməsinə səbəb olur.
Mərkəzin tövsiyələrinə əsasən:
Günün ən isti saatlarında çölə çıxmaqdan çəkinin;
Alkoqollu, şəkərli və kofeinli içkilərdən uzaq duraraq bol maye qəbul edin;
Az-az və tez-tez qidalanın, yüksək zülallı qidalardan imtina edin;
Yüksək intensivlikli fiziki fəaliyyəti səhər tezdən (07:00-dək) həyata keçirin;
Açıq rəngli, təbii materialdan olan rahat geyimlər, geniş kənarlı papaq və gün eynəyi istifadə edin;
Əgər mümkündürsə, isti otaqları tərk edib sərin yerlərdə vaxt keçirin (məsələn, metro, mağaza, aptek və s.);
Uşaqları və ev heyvanlarını dayanmış avtomobildə tək qoymayın;
Evdə sərinliyi qoruyun – gün ərzində pəncərə və jalüzləri bağlayın, axşam isə təhlükəsizdirsə, açıq saxlayın.
Mərkəz xəbərdarlıq edir ki, isti havanın əsas riskləri aşağıdakılardır:
Dəhidratasiya (bədəndə su çatışmazlığı);
Orqanizmin həddindən artıq qızması (xüsusilə ürək-damar və tənəffüs sistemi xəstəlikləri olanlar üçün təhlükəlidir);
İstivurma
Başgicəllənmə, halsızlıq, təşviş, güclü susuzluq və baş ağrısı hiss edən şəxslərə dərhal həkimə müraciət etmək tövsiyə olunur.