İstanbulda Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
QafqazTürk.com xəbər verir ki, sənəd Türkdilli Dövlətlərin Xəbər Agentliklərinin Media Zirvə görüşündə imzalanıb.
“Media və gələcəyə baxışda birlik” mövzusunda baş tutan tədbirdə Azərbaycanı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir.
Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin “Anadolu” agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Serdar Karagöz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türkdilli ölkələrlə əlaqədar xəbərlərin daha geniş miqyasda çatdırılması üçün birliyin vacibliyini vurğulayıblar. Bildirilib ki, beynəlxalq ictimaiyyətin türk dünyasına baxışını dəyişəcək ölkələr media birliyi fikirlərinin, ortaq miras və mədəniyyətin dünyaya çatdırılmasında əsas rol oynayacaq.
Çıxışlarda birliyin yaradılması tarixi an kimi qiymətləndirilibş Bunun həm də ölkələr arasında qardaşlıq bağlarının daha da güclənməsi baxımından əhəmiyyəti vurğulanıb. Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 2021-ci ildə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsi xatırlanıb, bu tədbirin türkdilli ölkələr arasında birliyin əsas dönüş nöqtələrindən biri olduğu bildirilib.
Birliyin ortaq fəaliyyəti daha da gücləndirəcəyini əminliklə ifadə edən natiqlər dezinformasiya ilə mübarizənin də önəmini vurğulayıblar. Qeyd edilib ki, rahat həll olunacaq məsələləri çıxılmaz vəziyyətə gətirən məhz dezinformasiyadır. Dünyanın bir sıra ölkələrində islamofobiya, irqçilik halları yaşanmaqdadır. Bəzən haqlı olduğumuz mövzularla əlaqədar beynəlxalq səviyyədə dezinformasiyalar yayılır. Bu baxımdan ölkələrin TDT ətrafında sıx birləşərək dezinformasiyaya qarşı mübarizə aparması çox vacibdir.
Sonra Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
Zirvə görüşü işini davam etdirir.