İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İrana qarşı hərbi əməliyyat lazım gəldiyi qədər davam edəcək. Netanyahu bu sözləri keçən həftənin sonunda İranın raket zərbəsi endirdiyi Rehovotdakı Veyzman Elm İnstitutuna səfəri zamanı deyib.
Səfər zamanı İsrailin baş nazirinə verilən İsrailin İrana hücumlarının nə qədər davam edəcəyi sualına Netanyahu belə cavab verib:
“Nə qədər ki, lazımdır, cavab budur. Nə qədər ki, biz ikiqat ekzistensial təhlükə ilə üz-üzəyik. Biri 20 min raket, digəri isə təbii ki, bu çılğın rejimin əlindəki nüvə bombalarıdır”, – Netanyahu bildirib.
İsrailin baş nazirinin sözlərinə görə, İsrailin bu addımının məqsədi özünü İrandan gələn məhv olmaq8 təhlükəsindən xilas etməkdir.
“İran dünyanın aparıcı terrorçu rejimidir. Onun nüvə silahı olmamalıdır və ola da bilməz. İsrailin hərəkəti özünü İrandan qaynaqlanan məhv olmaq təhlükəsindən xilas etməkdir. Bununla biz həm də bir çox ölkələri xilas etmiş oluruq”, – Netanyahu bildirib.