İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Qəzza zolağında atəşkəs rejimi bərpa olunub.
Qafqaztürk Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusu bu açıqlamanı ölkənin “Həmas”ı atəşkəsi pozmaqda ittiham etməsindən və Qəzzaya cavab olaraq hava zərbələri endirməsindən sonra verib.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun vasitəçiliyi ilə əldə olunan atəşkəs rejimi hələ də qüvvədədir. Trampın sözlərinə görə, ABŞ rəsmiləri hesab edirlər ki, “Həmas” rəhbərliyi atəşkəsin pozulmasında birbaşa iştirak etməyə bilər.
“Görək, vəziyyət necə inkişaf edir. Biz istəyirik əmin olaq ki, ‘Həmas’la hər şey sakit şəkildə davam edəcək. Onlar bir qədər səs-küylü idilər, atışma baş verdi, amma düşünürük ki, rəhbərlik bəlkə də bu prosesdə iştirak etməyib. Bilirsiniz, bir neçə üsyankar döyüşçü var, lakin istənilən halda məsələ lazımi qaydada həll ediləcək”, – Tramp vurğulayıb.
Xatırladaq ki, dünən İsrail ordusu Qəzzada “Həmas”a məxsus hədəflərə hava zərbələri endirdiyini bildirmişdi. Hədəflər arasında sahə komandirləri, silahlı şəxslər, tunellər və silah anbarları olub. Bu hücumlar “Həmas” döyüşçülərinin tank əleyhinə raket buraxaraq İsrail əsgərlərinə atəş açmasından sonra həyata keçirilib. Nəticədə iki israilli hərbçi həlak olub. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab zərbələri nəticəsində isə 26 nəfər ölüb
