İsrailin baş nazirinin ofisi çərşənbə günü bildirib ki, İsrail ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoffun Ramazan və Pasxa bayramları zamanı Qəzzada müvəqqəti atəşkəs təklifini qəbul edəcək.
Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, Vitkoffun təklifi ilə Qəzzada qalan girovların yarısı atəşkəsin ilk günündə, digər yarısı isə daimi atəşkəs haqqında razılıq əldə edildikdən sonra azad edilməlidir.
Netanyahunun ofisindən verilən açıqlamaya cavab olaraq “HƏMAS”-ın yüksək rütbəli rəsmisi Mahmud Mərdavi deyib ki, bu, İsrailin əvvəllər imzalanmış sazişləri rədd etməsinin açıq təsdiqidir.
“Bu davamlı manipulyasiya girovları ailələrinə qaytarmayacaq. Əksinə, bu, onların davamlı əzab çəkməsinə səbəb olacaq və həyatlarını təhlükə altına salacaq”, – Mərdavi bildirib.
Xatırladaq ki, İsrail və “HƏMAS” arasında yanvarın 19-da qüvvəyə minən atəşkəsin birinci mərhələsi şənbə günü başa çatıb. Razılaşma “HƏMAS” və İsrail arasında 15 aylıq döyüşləri dayandırıb. Birinci mərhələdə “HƏMAS” 33 israilli və 5 taylandlı girovu İsrailə təhvil verib, bunun müqabilində İsrail 1900 fələstinli məhbusu azad edib. Qəzzada 24 girovun sağ qaldığı, 39 nəfərin öldüyü təxmin edilir.