Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Hamımızın sevə-sevə oxuduğu bu sətirlər şair Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirindəndir.
Repressiya qurbanları dedikdə ilk ağla gələn adlardan biri olan Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Azərnəşr”in keçmiş direktorudur.
O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb.
Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda müəllimlər seminariyasında və Ali Pedaqoji İnstitutda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb, məktəbdə ədəbiyyat fənnindən dərs deyib. Hələ məktəb yaşlarından Mikayıl ədəbiyyatla maraqlanıb, “Bu gün” adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərindən birinə çevrilib. 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib.
O, öz həyat sevgisi ilə belə tanış olub:
1931-ci ilin mayında Müşfiq pedaqoji institutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Ona olan sevgisi şairi yeni lirik şeirlər yazmağa ruhlandırır. Gənclərin toyu 1933-cü ilin yayında olur. Müşfiqin çox sevdiyi Rəsul Rza və Nigar Rəfibəyli bir neçə gün sonra onları təbrik etməyə gəlir. O vaxt R.Rzanın xəyalına belə gəlməzdi ki, illər ötdükdən sonra bu gənc oğlanın xatirəsinə “Qızıl gül olmayaydı” poemasını yazacaq. Hüseyn Cavid, Mirzə İbrahimov, Süleyman Rüstəm, Sabit Rəhman, İsrafil Nəzərov bu evin çox sevilən qonaqlarından olublar…
Mikayıl Müşfiq və xanımı Dilbər Axundzadənin qısa, ancaq çox mənalı və xoşbəxt bir ömür sürdükləri Dilbər Axundzadənin “Müşfiqli Günlərim” kitabından hiss olunur.
Boş vaxtlarında tar çalmağı sevən M.Müşfiq tarzən Qurban Pirimovla da dostluq edib. Bir dəfə Q.Pirimov onlarda olanda şair tara həsr etdiyi “Nə deməkdir” adlı şeirini oxuyub. Bundan təsirlənən tarzən “Yetim segahı” səsləndirib. Hamımızın sevdiyimiz “Oxu tar!” şeirini də Müşfiq həmin gün o melodiyanın sədaları altında yazıb. Bu o günlər idi ki, Azərbaycanda tarın qadağan edilməsi ilə bağlı fikirlər səsləndirilirdi…
M.Müşfiqin heyrətamiz hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında yazıb: “…Müşfiq – poetik temperamenti sönməyən insandır, o, yeni poetik və təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz” poeması kimi incini yaradıb… O tələsirdi, taleyin ona az ömür payı verdiyi sanki ürəyinə dammışdı”.
M.Müşfiq Abşeron bağlarını, dənizi, qumsal çimərlikləri çox sevib. 1936-cı ildə son yayını da Mərdəkan kəndində Mirmehdi Seyidzadənin ailəsi ilə birgə keçirib. Bu uzun yay günlərində onlar yaxınlıqda, Buzovnada bağda istirahət edən Rəsul Rza, Ənvər Məmmədxanlı ilə tez-tez görüşürdülər.
Lakin qara buludlar yaxınlaşırdı. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başladı. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olurdu. Yazıçıların növbəti plenumunda isə M.Müşfiqə əksinqilabçı damğası vuruldu. M.Müşfiqi 1937-ci il iyunun 4-də evində həbs etdilər. O, əksinqilabi milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edildi.
Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən Dilbərin yanına tələsdiyindən yaxınlıqda dayanan qara maşına fikir verməmişdi. Müşfiq mənzilinə daxil olduqdan sonra qapının zəngi çalındı… Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymadılar.
1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiqin barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra – yanvarın 6-na keçən gecə icra olundu. Deyirlər ki, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, onların həbsxanada son görüşündə Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: “Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb…”.
Təxminən 20 il keçəndən sonra Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin işinə yenidən baxılması barədə müraciət etdilər. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadə bəraət qazanıb.
Sonda isə yenə Müşfiqin dilindən deyirik:
Cahan ki solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəхsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!