İranın nüvə proqramı ilə bağlı danışıqlar gələn həftə baş tuta bilər
İran, Böyük Britaniya, Fransa və Almaniya arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların gələn həftə baş tutması mümkündür. Bu barədə Almaniyanın “Deutsche Welle” nəşri İranın “Tasnim” informasiya agentliyinə istinadən məlumat yayıb.
“Tərəflər danışıqların keçirilməsi ilə bağlı prinsipial razılığa gəliblər, lakin hazırda görüşün vaxtı və yeri ilə bağlı məsləhətləşmələr davam edir. Danışıqların keçiriləcəyi ölkə hələ müəyyən edilməyib”, – deyə agentlik məlumatlı mənbəyə əsaslanaraq xəbər verir.
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya bir neçə gün əvvəl bəyan ediblər ki, əgər İran və ABŞ arasında davam edən danışıqlar konkret nəticə verməzsə və yenidən bərpa olunmazsa, BMT-nin sanksiyalarını yenidən tətbiq edəcəklər. Bu danışıqlar İsrail və İran arasında müharibə başlamazdan əvvəl keçirilirdi.