İranda universitetin qarşısında paltarını soyunan tələbə qız həbs edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN-in yazdığına görə, tələbə qız bu şəkildə ölkənin sərt geyim tərzinə qarşı olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaşılan və insan haqları təşkilatı Amnesty İnternational tərəfindən də paylaşılan videoda qadının Azad Universitetinin qarşısında çılpaq oturaraq saçlarını topladığı görünür.
Başqa bir videoda isə qızın yolda getdiyini, bir qrup kişi onu mühasirəyə alıb maşına mindirib apardığı görünür.
Təşkilat bildirib ki, qadın Tehran Universitetində geyim tərzinin “təcavüzkar şəkildə tətbiqinə” etiraz etdikdən sonra “zorakılıqla həbs edilib”.
İranın dövlət xəbər agentliyi olan Fars hadisə şahidlərinə istinadən xəbər verir ki, tələbə iki mühafizəçi onunla danışdıqdan və geyim qaydalarını pozması barədə xəbərdarlıq etdikdən sonra paltarını çıxarıb.
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin sözlərinə görə, qadının psixi sağlamlığında problemlər olub.
CNN yazır ki, hadisə ilə bağlı şəraiti müstəqil müəyyən edə bilməyib.
Amnesty İnternational universitet tələbəsinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını və vəkillə əlaqə saxlamasını tələb edib.
Bildiyiniz kimi, İranda qadınların ictimai yerlərdə hicab taxması məcburidir, qanun bu ölkənin Əxlaq Polisi tərəfindən həyata keçirilir.