İranda ümid edirlər ki, Rusiya qazının Azərbaycan vasitəsilə tədarükünə yaxın gələcəkdə start veriləcək. İranın Rusiyadakı səfiri Qasim Calali bildirib ki, “Qazprom”la aparılan danışıqlarda əsas məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. O, bu barədə Rusiya mətbuatına məlumat verib.
“Ümid edirik ki, bu, tezliklə reallaşacaq. Hazırda ‘Qazprom’la danışıqları davam etdiririk, demək olar ki, bütün problemlər həll olunub. Yalnız tarif məsələsi açıq qalır. Bu da həllini tapsa, tədarük başlaya bilər,” – deyə səfir vurğulayıb.
Rusiya energetika naziri Serqey Çivilev isə daha əvvəl Rusiya və İran arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə XVIII Hökumətlərarası Komissiyanın iclasında açıqlamışdı ki, mövcud infrastruktur imkanları ilə Rusiyadan İrana qazın Azərbaycan üzərindən ilk tədarükü 2025-ci ildə həyata keçirilə bilər. Onun sözlərinə görə, ilkin mərhələdə illik 1,8 milyard kubmetr qaz ixracı nəzərdə tutulur.
Qeyd edək ki, son aylarda Rusiya ilə Azərbaycan münasibətləri gərginləşib. Bakı ilə Tehran arasında da əlaqələrdə soyuqluq müşahidə olunur.