İranın Ali Milli Təhlükəsizlik Şurası nüvə komitəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın bərpası üçün imzalanmış sazişləri təsdiqləyib.
Məlumata görə, sənəd sentyabrın 9-da Qahirədə Misirin xarici işlər naziri Bədr Əbdül-Əttanın vasitəçiliyi ilə MAQATE-nin baş direktoru Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Araqçı tərəfindən imzalanıb.
Şura Katibliyinin bəyanatında qeyd olunub ki, razılaşmaların icrası İranın nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsindən asılı olacaq:
“İrana və onun nüvə obyektlərinə qarşı hər hansı düşmən hərəkəti, o cümlədən BMT Təhlükəsizlik Şurasının əvvəllər dayandırılmış qətnamələrinin bərpası halında, bu razılaşmaların icrası dayandırılacaq”, – sənəddə vurğulanıb.
Xatırladaq ki, Tehranla MAQATE arasında əməkdaşlıq iyun ayında dayandırılmışdı. Bu, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra baş verən 12 günlük müharibədən sonra gerçəkləşmişdi.
İran hökuməti agentliyin müfəttişlərini hücumlar zamanı hərəkətsiz qalmaqda günahlandırmış və prezident Məsud Pezeşkiyanın göstərişi ilə onları ölkədən çıxarmışdı.