İran Xarici İşlər Nazirliyi ölkənin artıq Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) tabe olmadığını açıqlayıb. Nazirliyin bəyanatında vurğulanıb ki, İranın nüvə proqramına dair bütün məhdudiyyətlər və mexanizmlər ləğv edilmiş sayılır.
Bəyanatda qeyd olunur:
“Bundan sonra bütün müddəalar, o cümlədən İranın nüvə proqramına və bununla bağlı mexanizmlərə məhdudiyyətlər ləğv edilmiş sayılır.”
Bununla belə, Tehran diplomatiyaya sadiq qaldığını da bəyan edib.
Xatırladaq ki, 2015-ci ildə Vyanada İran, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və ABŞ arasında imzalanmış JCPOA sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq və əvəzində beynəlxalq sanksiyaları yüngülləşdirmək məqsədi daşıyırdı.
Bu razılaşma illərlə davam edən diplomatik gərginliyə son qoymalı və İran-Qərb münasibətlərində yeni mərhələnin başlanğıcı olmalı idi. Lakin son illərdə ABŞ-ın sazişdən çıxması və qarşılıqlı ittihamlar prosesi dalana salmışdı.
Yeni qərarla İran nüvə sazişinin müddəalarına əməl etməyi dayandırdığını rəsmən bəyan etmiş oldu.
