This is a specific ad

İran agentlərinin ifşası: Şeyx çətin durumda

104

Another advertisement

Azərbaycanda İran agentlərinin ifşası maraqlı nüansları üzə çıxarıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə faktmedia.az məlumat dərc edib.

Hüquq-mühafizə orqanlarının ard-arda keçirdiyi əməliyyatlar bu istiqamətdə başlayan müzakirələri daha da intensivləşdirib. Hazırda cəmiyyəti İranın agentura şəbəkəsinin Azərbaycanda necə kök atması ciddi düşündürməkdədir.
 
Qeyd edək ki, Azərbaycanda İran agentlərinin ifşası İrana qarşı ittihamların artmasına səbəb olub.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ötən gün İranı hədəf alan bəyanatla çıxış edib. Azərbaycanda kifayət qədər yüksək və strateji postun sahibi olan cənab Qurbanlının İranın Azərbaycanda geniş agentura şəbəkəsini yaratmasını dilə gətirməsi uzağagedən nəticələr çıxarmağa əsas verir.
 
Komitə sədrinin məlum açıqlaması analitiklər üçün yeni müzakirələrə rəvac verib. Buna səbəb Qurbanlının İranın maraqlarından çıxış edən 118 din xadiminin məscidlərdə tutduğu vəzifələrdən uzaqlaşdırılması barədə açıqlama verməsi olub. Dövlət rəsmisi həmin şəxslərin əvvəlki dövrlərdə məscidlərdə özlərinə “yuva” saldığına işarə edib.
 
Burada söhbətin kimdən getdiyi isə açıq-aydın ortadadır. Məlum olduğu kimi, bir neçə il əvvələ qədər məscidlərdə imam və axund təyinatı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həyata keçirilirdi. İrana işlədiyi üçün ifşa edilərək vəzifəsindən azad olunan həmin 118 nəfər də məhz QMİ-in sədri Şeyx Hacı Allahşükür Paşazadənin əmri ilə vəzifəyə təyin olunub. Həmin şəxslərin sayının isə daha çox olduğu şübhə doğurmur. Qarşıdakı günlərdə həm hüquq-mühafizə orqanları, həm də DQİDK tərəfindən yeni İran agentlərinin aşkarlanaraq ifşa ediləcəyi gözlənilir.
 
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, ölkədə İran agentlərinə qarşı mübarizənin ciddi xarakter alması QMİ rəhbərliyini və şəxsən bu qurumun sədri A.Paşazadəni çətin durumda qoyub. Cəmiyyətdə aparılan müzakirələr Şeyx üçün xoşagəlməz situasiya yaradıb. İndi təkcə küncdə-bucaqda deyil, hətta KİV-də və açıq müzakirələrdə də bu sualı tez-tez, həm də yüksək səslə eşitmək mümkündür: İran öz agentlərini Azərbaycan məscidlərində yerləşdirəndə Şeyx hara baxırdı?
 
Düzdür, son vaxtlar QMİ-nin rəhbər şəxsləri İran əleyhinə tez-tez çıxışlar edirlər. Dəfələrlə Şeyxin özü də İranın ünvanına tənqidi fikirlər səsləndirib. Amma bu, onun uzun illər ərzində buraxdığı səhvlərə göz yummağa əsas vermir. Bu, bir faktdır ki, İran Azərbaycanda özünün agentura şəbəkəsinə dinə meylli olan, bir çox hallarda isə mömin həyatı yaşayan şəxslər arasında formalaşdırıb. Həmin şəxslərə nəzarət etmək isə birbaşa QMİ-nin vəzifəsinə aid olub. Sözsüz ki, hüquq-mühafizə orqanları İran agentlərinin Azərbaycan məscidlərinə necə yol tapdığını hərtərəfli araşdıracaq. Görünən odur ki, təkcə məscidlərdən qalxan kimi istifadə edən İran agentləri deyil, həm də onların əməllərinə göz yuman, bəlkə də bu təyinatları gözüyumulu həyata keçirən şəxslər də çoxsaylı suallara cavab vermiş olacaq…”, – deyə nəşrin yazısında bildirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiyada həbs edilən amerikalı jurnalist cəsusluqda ittiham edilir.
Öncəki yazı
Tbilisidə atışma baş verib