Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çjou Tsyan ilə görüşüb.
Hökumət administrasiyasından verilən məlumata görə, görüşdə baş nazir Çində çoxlu insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə bağlı səfirə bir daha başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Söhbətdə Gürcüstan-Çin Strateji Tərəfdaşlıq Sazişində nəzərdə tutulan sahələrdə əməkdaşlığa və ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikasına toxunulub.
Bildirilib ki, azad ticarət sazişi və vizasız gediş-gəliş, eləcə də insanlar arasında əlaqələr ikitərəfli münasibətlərin daha da inkişafı üçün yaxşı imkandır. Tərəflər nəticəyönümlü əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.