Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov arasında geniş tərkibdə görüş keçirilib.
QafqazTürk xəbər verir ki, məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.
Nazirlər arasında təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqların davam etdirilib.
“Tərəflər Gürcüstan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkələr arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğu vurğulanıb.
Gürcüstanın baş naziri özbək həmkarına Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü, eləcə də Gürcüstanın işğal olunmuş ərazilərinə münasibətdə tanınmama siyasətini dəstəklədiyinə görə təşəkkür edib.
Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstan və Özbəkistan Respublikasının sabit ticarət tərəfdaşları olduğu və bu istiqamətdə ölkələr arasında daha çox potensialın olduğunu qeyd edib. Özbəkistanın Gürcüstana müxtəlif sahələrdə investisiya imkanlarından danışıblar.
Geniş tərkibdə keçirilmiş görüşdən sonra Gürcüstan və Özbəkistanın baş nazirləri Gürcüstan və Özbəkistan Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafı üzrə birgə praktiki tədbirlərin 2023-2024-cü illər üçün fəaliyyət planını imzalayıblar.
Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Gürcüstan-Özbəkistan Biznes Şurasının yaradılması ilə bağlı saziş də imzalanıb. Sənədi Gürcüstanın Ticarət və Sənaye Palatasının Prezidenti Qiorqi Pertaia və Özbəkistan tərəfindən Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov imzalayıblar”-deyə Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.