Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Amrulayevlə görüşüb.
QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında mövcud əlaqələrə diqqət yetirilib. Söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən təhsil istiqamətində tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə toxunulub.
“Görüşdə təhsil və elm sahəsində əməkdaşlıq haqqında 2022-ci ildə imzalanan ikitərəfli sazişin əhəmiyyəti vurğulanıb və ümumi təhsil sahəsində mövcud səmərəli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları bildirilib. Ali təhsil müəssisələri arasında uğurlu tərəfdaşlıq əlaqələri, o cümlədən peşəkar təhsil müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər qeyd ediblər ki,uğurlu əməkdaşlığın sübutu Azərbaycan Diplomatik Akademiyası ilə Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumudur.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari iştirak ediblər.” – məlumatda qeyd edilir.