Gürcüstan Prokurorluğu şəxsi həyatın toxunulmazlığının pozulması faktı ilə bağlı bir nəfərin saxlanıldığını açıqlayıb.
Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Müdafiəsi İdarəsinin istintaqına əsasən, təqsirləndirilən şəxs Instagram sosial şəbəkəsi vasitəsilə müxtəlif insanlarla yazışaraq onların göndərdiyi intim xarakterli foto və videoları icazəsiz şəkildə saxlayıb. Daha sonra o, zərərçəkənlərdən birini – yetkinlik yaşına çatmayan şəxsi – həmin materialları yaymaqla hədələyib və münasibəti davam etdirməyə məcbur edib.
İstintaq çərçivəsində zəruri prosessual hərəkətlər aparılıb: zərərçəkənlər dindirilib, şübhəlinin üzərinə və evinə baxış keçirilib, elektron cihazlar və məlumat daşıyıcıları müsadirə olunub. Ekspertiza zamanı şübhəlinin mobil telefonunda onlarla insana məxsus qanunsuz əldə edilmiş intim materiallar aşkar edilib. Hazırda həmin şəxslərin müəyyənləşdirilməsi prosesi davam edir.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs 7 oktyabrda məhkəmə qərarı ilə saxlanılıb və ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157¹-ci maddəsinin birinci hissəsi – şəxsi həyata dair məlumatların qanunsuz əldə edilməsi, saxlanması və yayılması – üzrə ittiham irəli sürülüb.
Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Prokurorluq saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə vəsatət təqdim edib.