“İmedi” telekanalının jurnalistinə maneə törətmək ittihamı ilə ictimai fəal Prokurorluğa çağırılıb

75

İctimai fəal Tamuna Kirtava Gürcüstanın Prokurorluğuna ifadə verməyə çağırılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib. Kirtavanın “Netgazetə”yə verdiyi məlumata görə, ona qarşı 4 oktyabrda hökumətyönlü “İmedi” telekanalının əməkdaşına jurnalist fəaliyyətinə maneə törətmək ittihamı irəli sürülür.

Onun sözlərinə görə, Prokurorluq 23 oktyabrda onu çağırıb ki, rəsmi şəkildə ittiham elan etsin.

Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi üzrə istintaq başladıb. Bu maddə jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olmanı nəzərdə tutur.

Xatırladaq ki, 5 oktyabrda Prokurorluq rəsmi açıqlama yaymışdı. Bildirilirdi ki, istintaqın başlanmasına səbəb mediada yayılan məlumat olub. Həmin məlumatda deyilirdi ki, 4 oktyabrda, Tbilisidə, Atoneli küçəsində keçirilən etiraz aksiyası zamanı bir qrup iştirakçı bibər qazı sıxmaq və fiziki müdaxilə yolu ilə “İmedi” və “İctimai Yayımçı”nın çəkiliş qruplarına jurnalist fəaliyyətini həyata keçirməyə mane olub.

📷 Foto: MOSE

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
“Formula” telekanalının qurucularından biri — rejissor Giorgi Lifonava yolun bağlanmasına görə saxlanılıb
Öncəki yazı
İliya Dövlət Universiteti: “Ali təhsil islahatının təqdim olunan konsepsiyası ilə razı deyilik”