İliya Dövlət Universiteti: “Ali təhsil islahatının təqdim olunan konsepsiyası ilə razı deyilik”

168

İliya Dövlət Universiteti bəyanat yayıb və bildirib ki, “Gürcü Arzusu” partiyasının təqdim etdiyi təhsil islahatının konsepsiyası ilə razı deyillər.

Universitetin bəyanatında qeyd olunur ki, təhsil sahəsində islahatların geniş ictimai konsensus olmadan müəyyənləşdirilməsi qəbuledilməzdir.

İliya Dövlət Universiteti tələb edir ki, universitetlərin muxtariyyətinə və akademik azadlığa müdaxilə cəhdləri dayandırılsın və təhsil islahatları ilə bağlı inklüziv dialoq prosesi başlansın.

Bəyanatda vurğulanır ki, 23 oktyabrda universitetdə keçirilən ümumi iclasda akademik heyət hökumətin təqdim etdiyi təhsil islahatı konsepsiyasını müzakirə edib. Toplantıda layihənin həyata keçirilməsi halında təhsil sisteminə ciddi təhlükələrin yaranacağı qeyd olunub.

Bəyanatın mətnində deyilir:

“Biz – universitet ictimaiyyətinin üzvləri, professorlar, müəllimlər, tədqiqatçılar, tələbələr və məzunlar – ali təhsil islahatının təqdim olunan konsepsiyasına razı deyilik, çünki:

a) o, nə universitet ictimaiyyəti ilə, nə də təhsil sahəsinin mütəxəssisləri ilə müzakirə olunmayıb;

b) təklif olunan plan antikonstitusion xarakter daşıyır və Gürcüstan Konstitusiyasında təsbit olunmuş akademik azadlıq və institusional muxtariyyət prinsiplərinə ziddir;

c) planın həyata keçirilməsi ali təhsil sistemində fəlakətli nəticələrə səbəb olacaq – tədris və tədqiqatın keyfiyyəti kəskin pisləşəcək, ali təhsilin ictimai həyatda rolu zəifləyəcək, Gürcüstan beynəlxalq təhsil məkanından təcrid olunacaq və bu, həm gənc nəsil, həm də ölkənin gələcəyi üçün təhlükə yaradacaq.”

Universitet rəhbərliyi hesab edir ki, təhsil kimi strateji əhəmiyyətli sahənin istiqamətləri ictimai razılıq və peşəkar müzakirə olmadan müəyyən edilə bilməz.

İliya Dövlət Universiteti tərəflərin iştirakı ilə peşəkar ekspertlərdən ibarət geniş işçi qrupunun yaradılmasınıelmi əsaslara söykənən islahat konsepsiyasının hazırlanmasını təklif edir.

Bəyanatın sonunda universitet vurğulayır:

“Biz inanırıq ki, birgə səylə, akademik qətiyyət və müdrikliklə ölkənin əsas milli məqsədini — İliya Çavçavadze və İvane Cavahişvilinin göstərdiyi yolu — qoruyacağıq.”

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“İmedi” telekanalının jurnalistinə maneə törətmək ittihamı ilə ictimai fəal Prokurorluğa çağırılıb
Öncəki yazı
Putin Gürcüstanla sərhədin müəyyənləşdirilməsi məsələləri üzrə yeni nümayəndə təyin edib