“Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur”.
QafqazTürk.com xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.
“Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir”, – Azərbaycan Prezidenti vurulayıb.