İlham Əliyev – Ermənistanda Sevan gölü kimi adlanan göl, Göyçə gölüdür

31

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Ermənilərin tarix boyu Azərbaycan mədəni və elmi irsini oğurlamaq və özününküləşdirməklə məşğul olduğunu bir daha vurğulayıb.

Dövlət başçısı bildirib ki, indiki Ermənistan ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

“Ermənistanda Sevan gölü kimi adlanan göl, Göyçə gölüdür və bütün digər tarixi toponimlərimiz xəritələrdə öz əksini tapıb. Bu xəritələri biz hazırlamamışıq, bunu çar Rusiyası edib. Həmin dövrdə ermənilər İrandan və Şərqi Anadoludan gətirilərək Qarabağ torpaqlarına yerləşdirilib, etnik və dini tərkib dəyişdirilib. Xəritələr tamamilə tarixi həqiqətə əsaslanır”, – deyə Prezident bildirib.

Prezident vurğulayıb ki, bu tarixi həqiqətləri təbliğ etmək və tədqiq etmək vacibdir: “Daha çox elmi əsərlər, hətta kiçik bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini bilsin, həm də dünya ictimaiyyəti məlumatlı olsun. Bu həmçinin indiki Ermənistana qarşı Azərbaycan torpaqlarına olan haqqımızı daha məntiqli və ədalətli göstərmək baxımından da önəmlidir”.

Dövlət başçısı əlavə edib ki, müstəqil Azərbaycanın tarixi ilə bağlı sanballı elmi əsərlərə böyük ehtiyac var: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlətik və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ölkəmiz bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən və təbliğ edən bir çox əsərlər hazırlanmalıdır”.

Kateqoriya: Region
Sonrakı yazı
XƏBƏRDARLIQ: Tbilisidə qotur xəstəliyinin yayılma halları artıb
Öncəki yazı
Daxili İşlər Nazirliyi Tbilisidə yaşayan Azərbaycanlı jurnalist Əfqan Sadiqovu yolun bağlanması səbəbindən 275 000 lari cərimələyib – ƏTRAFLI