Həkimlər saxta əlillik vəsiqəsi hazırlayıblar – 3 nəfər həbs edilib

74

Tbilisi, Kutaisi və Batumidə saxta tibbi arayışların hazırlanması və kommersiya rüşvətinə yardım faktlarına görə üç nəfəri saxlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi məlumat yayır.

DTX-nin məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, bu şəhərlərdə fəaliyyət göstərən müxtəlif tibb müəssisələrinin həkimləri və onların köməkçiləri müəyyən məbləğ qarşılığında vətəndaşların sağlamlıq vəziyyəti barədə saxta tibbi sənədlər hazırlayıblar. Həmin sənədlər əsasında vətəndaşlara əlillik statusu verilib.

“Birinci halda, Tbilisidə bir tibb müəssisəsində çalışan D.T. adlı şəxs 3000 lari qarşılığında vətəndaşa bronxial astma diaqnozu ilə saxta əlillik arayışı təqdim edib. Bu arayış heç bir tibbi müayinə və komissiya keçmədən tərtib olunub.

İkinci hadisə Batumidə qeydə alınıb. Burada T.D. adlı şəxs bir neçə həkimlə cinayət əlaqəsi yaradaraq, 9500 lari qarşılığında vətəndaşa saxta arayış verib. Həmin sənəd əsasında vətəndaşa guya C hepatitindən yaranan qaraciyər xəstəliyinə görə I qrup əlillik statusu tanınıb.

Üçüncü fakt Kutaisidə baş verib. Şəhərdəki müxtəlif tibb müəssisələrinin həkimləri ilə cinayət əlaqəsində olan Ts.O. adlı şəxs 3200 lari müqabilində vətəndaşa “epilepsiya” diaqnozu ilə saxta tibbi arayış təqdim edib. Ts.O. həmin şəxsi əvvəlcə nevroloqa aparıb, o isə uydurma diaqnozla saxta kompüter elektroensefaloqrafiya arayışı hazırlayıb. Daha sonra Ts.O. vətəndaşı başqa bir klinikaya apararaq, orada digər həkim tərəfindən eyni diaqnozla saxta arayış tərtib etdirib.

Hər üç halda məqsəd Sosial Xidmət Agentliyinə saxta sənədlər təqdim etməklə, dövlət tərəfindən müəyyən edilən pensiya və digər sosial güzəştləri qanunsuz yolla əldə etmək olub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin dördüncü hissəsi, 25-221-ci maddənin dördüncü hissəsi və 362-ci maddənin birinci hissəsi ilə aparılır. Bu maddələr qrup halında kommersiya rüşvəti, rüşvətə yardım, saxta rəsmi sənədlərin əldə edilməsi və satılmasını nəzərdə tutur. Cinayət dörd ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qurumun açıqlamasında bildirilib ki, bu kimi hallar təkcə dövlətin və cəmiyyətin antikorrupsiya maraqlarına deyil, həm də çoxsaylı vicdanlı və peşəkar həkimlərin nüfuzuna ciddi zərbə vurur.

Tibb müəssisələrinin əməkdaşlarını və onlarla əlaqəyə girmək istəyən şəxsləri xəbərdar edirik – bu kimi qanunsuz addımlara yol verməsinlər. Dövlət Təhlükəsizliyi Xidməti korrupsiya xarakterli cinayətlərə qarşı xüsusilə barışmaz mövqe sərgiləyəcək”, – deyə qurumun bəyanatında qeyd olunub.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Bu gün ölkəmizdə Veteranlar Günü qeyd olunur
Öncəki yazı
Kobaxidze: “Aİ-də vəziyyət fəlakətlidir, ümid edirik ki, 2030-cu ilə qədər bu problemlər aradan qalxacaq”