Bu gün Marneulidə, “Azərbaycan Evi” ndə icraçı direktor Məhəbbət İmanovun təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, media işçiləri, ictimaiyyətin ayrı-ayrı təbəqələrinin təmsilçiləri, QHT əməkdaşları iştirak ediblər.
QafqazTürk Media xəbər verir ki, M. İmanov tədbiri açıb və əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbir açıq elan edilib.
Çıxış edənlərdən Parlament deputatı Zaur Darğallı, Maarif vakfı Gürcüstan genel müdiri Faruk Tekşen, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Parlamentin sabiq deputatları İshaq Novruzov, Mahir Dərziyev və Hidayət Hüseynli, “Gürcüstan” qəzetinin bölgə müxbiri İslam Məmmədov, tanınmış ziyalı Səyyad Xəlilov öz nitqlərində vurğulayıblar ki, Heydər Əliyev siyasi fəaliyyəti boyu milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında, o cümlədən Gürcüstan – Azərbaycan münasibətlərinin yüksək zirvələrə daşınmasında özünə layiqli yer tutan, əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarix xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov öz çıxışında qeyd edib ki, Heydər Əliyevin həyatı çağdaş gəncliyə və bütün nəsillərə örnəkdir.
“Bu gün biz hər birimiz üçün doğma və unudulmaz olan şəxsiyyətin anım gününə toplanmışıq. Heydər Əliyev biz yaşlı nəslin nümayəndələri üçün həmişə bir örnək olmuşdur. Onun bütün çıxışlarını izləmişik, apardığı siyasəti bəzən başa düşmüşük, bəzən də başa düşməmişik, ancaq ölümündən sonra da o böyük nəticələri şahidi olmuşuq.
Heydər Əliyev siyasətini böyüklüyü, kamilliyi onun hazırladığı, həyata keçirdiyi layihələrdən də görmüşük. Məsələn, o, həmişə ən böyük layihələrini min illərlə dost-qardaş olan Azərbaycan və Gürcüstan üzərindən hesablayırdı və bu layihələr qardaş Türkiyədə başa çatırdı.
Azərbaycan tarixinin ən böyük layihələri Azərbaycan, Gürcüstan və Türkiyə xətlərindən irəliləyir və bu layihələr də hər 3 ölkə üçün həyati əhəmiyyətli layihələr olur.
H. Əliyev Borçalılarla bağlı fikirlərini ən yüksək tribunalardan səsləndirib.Ona görə də bu gün xalqımız bu dahi şəxsiyyətin çəkdiyi planları, düşüncələri üzrə, davamçısı, oğlu İlham Əliyevin siyasətinə görə bu qələbələri yaşadı, Əliyevin başçılığı ilə Azərbaycan 44 gün ərzində torpaqları geri qazanaraq ərazi bütövlüyünü bərpa etdi.
1995-ci ildə Azərbaycan və Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edirdi. Ölkələrimiz arasında hələ 1995-1997-ci illərdə “Dostluq, qardaşlıq və əməkdaşlıq qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqqında qarşılıqlı bəyənnamələr imzalayıblar.
Heydər Əliyevin öncülüyündə ilk dəfə olaraq “Dənizdən-dənizə” xülyası ilə yaşayanlara “Dənizlərdən dənizlərə” kimi genişmiqyaslı neft, qaz, enerji layihələri təklif və təqdim edildi.
O, Gürcüstan və Azərbaycan xalqlarının dostluğunu dünyada nümunə kimi qiymətləndirib. Əlaqələrimizi güclü təməllər üzərində inkişaf etdirdi. Ümumi maraqlarımızı daim qorudu. Ən əsası isə milli həmrəyliyə nail oldu. Heydər Əliyevin həyatı çağdaş gəncliyə və bütün nəsillərə örnəkdir.
Rəhmət və minnətdarlıqla anırıq”.
Tədbirin sonunda qonaqlar üçün çay süfrəsi açılıb.