Hindistanda başlanan yeni toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollardan çox gəlir gətirəcək.
QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda toy mərasimi hər hansı bayram və ya yubileydən daha vacib sayılır və onun büdcəsi istənilən sosial təbəqə üçün çox böyük olur.
Toy mövsümü adətən məhsul yığımından sonra başlayır və dekabrın ortasınadək, daha sonra isə yanvarın ortalarından mart ayınadək davam edir. Həmin dövrdə əksər rayonlarda istilər zəifləyir ki, bu da açıq havada kütləvi şənliklər keçirmək üçün əlverişlidir.
Mütəxəssislərin proqnozlarına görə, bu mövsüm Hindistanda ölkə üzrə 4,8 milyon toy olacaq ki, bu da keçən ilki 3,5 milyon toydan xeyli çoxdur. Bu onunla əlaqədardır ki, hind inancları və astrologiyası nöqteyi-nəzərindən bu il ailə qurmaq üçün daha əlverişli tarixlər var.
Maraqlıdır ki, Hindistanda toy günü hökmən astroloqla razılaşdırılmalıdır.
Qeyd olunur ki, varlı hindlilərin toyu orta hesabla 30 milyon rupiyə (360 min dollar) başa gəlir. Ən sadə tədbirə isə təxminən 100 min dollar xərclənir.