Hindistan polisi beş nəfəri insan qurban verməkdə ittiham edərək həbs edib.
QafqazTürk xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə hindu məbədində başsız insan cəsədi tapıldıqdan təxminən dörd il sonra polis hadisəni törədənləri həbs edib.
Xarici medianın məlumatına görə 64 yaşlı Şanti Şou 2019-cu ildə Hindistanın Quvahati şəhərində məbədi ziyarət etdikdən sonra bıçaqla öldürülüb və başı kəsilib.
Cəsədin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından araşdırmalar ilk etapda yarımçıq qalıb. Onun şəxsiyyətinin müəyyən edilməsi bu ilin yanvarında mümkün olub. Bundan sonra istintaq yenidən başladılıb. Quvahati polis komissarı Diqanta Bara bildirib ki, qadının qətlini 5 nəfər planlaşdırıb və bu işə ümumilikdə 12 vətəndaş cəlb olunub.
Polisin məlumatına görə, qətlin təşkilatçısı 52 yaşlı Opradeep Pathak olub. O, qardaşının ölüm ildönümünü qeyd etmək üçün dini ritual olaraq qətli həyata keçirib.
Hindistanda 2014-2021-ci illər arasında ölkədə 103 insan qurbanı halı qeydə alınıb. Ritual qətllər adətən “tanrıları razı salmaq” üçün həyata keçirilir və buna cadugərliyə inanılan kənd yerlərində daha çox rast gəlinir.
Keçən il Yeni Dehlidə altı yaşlı uşağı qətlə yetirən iki kişi həbs edilmişdi. Saxlanılanlar uşağı Tanrı Şivaya qurban verdiklərini bildiriblər.