“HƏMAS” bildirib ki, onlar bazar ertəsi Misirdə keçirilməsi planlaşdırılan Qəzza sülh sazişinin rəsmi imzalanma mərasimində iştirak etməyəcəklər.
Təşkilatın siyasi bürosunun üzvü Hossam Badran AFP agentliyinə açıqlamasında deyib:
“Rəsmi imzalanmada iştirak etməyəcəyik.”
O əlavə edib ki, “HƏMAS” əsasən Qətər və Misir vasitəçiləri vasitəsilə aparılan atəşkəs danışıqlarında iştirak edib.
Xatırladaq ki, bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisinin administrasiyası Qəzza zolağında müharibəyə son qoymaq məqsədilə oktyabrın 13-də Şarm əl-Şeyx şəhərində keçiriləcək sammit barədə məlumat vermişdi. Həmin sammitdə 20-dən çox ölkə liderinin iştirak edəcəyi gözlənilir.
