Abxaziyadan məcburi köçkün olan 71 yaşlı Aza (Madlena) Çilaçava etiraz aksiyasında tibbi maska taxdığına görə inzibati qaydada təqsirli bilinib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Aza Çiçilava Azadlıq Radiosuna verdiyi müsahibədə bildirib. Ona məhkəmə tərəfindən şifahi xəbərdarlıq edilib. İş Tbilisi Şəhər Məhkəməsində hakim Tornike Koçkianın sədrliyi ilə baxılıb.
“Mən birinci [Rustaveli prospektinə] çıxacağam, qorxmuram. Qoy məni tutsunlar… Bu qədər acı yaşamış bir insan Rusiyanı necə sevsin? Mən Rusiyanı heç vaxt sevməyəcəyəm – bu insanların əlində Gürcüstan heç vaxt çiçəklənməyəcək…” – Aza (Madlena) Çilaçava jurnalistlərə müsahibəsində bildirib.
Çilaçava qeyd edib ki, polis onu 19 oktyabr, bazar günü saxlayıb və inzibati qaydada protokol tərtib edib. “Mən xəstələnmişdim, buna görə maska taxmışdım, onlar isə protokol yazdılar. Dedim, ayıbdır – xəstə, nənəniz yaşında qadına belə davranırsınız…”
“Olsun, məni tutsunlar, amma gəncləri azadlığa buraxsınlar… Mənim artıq itirəcəyim heç nə qalmayıb…” – Çilaçava qeyd edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ifadə azadlığını məhdudlaşdıran yeni qanun qüvvəyə mindikdən sonra son üç gündə polis 53 nəfəri saxlayıb, onlardan 40-dan çoxu artıq inzibati qaydada təqsirli bilinib.