“Azərbaycan və yəhudi xalqlarının dostluğunun qədim kökləri var”.
Bunu Gürcüstanda yaşayan yəhudi icmasının üzvü, akademik Tamas Ataneli bildirib.
O xatırladıb ki, İkinci Qarabağ müharibəsi başlayanda İsrail Azərbaycana dəstəyini ifadə edib: “Düşünürəm ki, bu addım bizim dostluğumuzun sübutudur. Biz dostuq, hər zaman da dost olaraq qalacağıq”.
“İsraildə müharibə başlayan kimi bizə çoxlu zənglər gəldi. Nəyə ehtiyacımız olduğunu soruşdular. Düşünürəm ki, tez zamanda sülh olacaq və insanlar ölməyəcək”, – T.Ataneli qeyd edib.
“Dünya Sefarad Yəhudiləri” təşkilatının Gürcüstan nümayəndəsi Şalva Tetruaşvili isə deyib ki, azərbaycanlılarla yəhudilər arasında heç zaman münaqişə olmayıb: “Azərbaycanlılarla Gürcüstanda yaşayan yəhudilərin çox sıx əlaqəsi olub. Bir-birimizi sevib, hər zaman dəstəkləmişik. Mənim babamın Məmməd Babayev adlı bir dostu var idi. Onlar qan qardaşı idi. Hətta Azərbaycan dilini də onlar mənə öyrədib”.
“Biz azərbaycanlılarla dost olmuşuq. Azərbaycanda bir çox qohumlar yaşayıb, bir çox dostlarım olub. Bakılı qızla ailə quran qohumlarımız da var. Biz Bakıya onlara, onlar isə bizə qonaq gəlirdilər”, – o söyləyib.
Ş.Tetruaşvili İsraildə baş verən son hadisələrə də toxunub:“Müharibədə udan və ya uduzan tərəf olmur. Hər iki tərəf uduzur. Amma İsrail nə ərəbdən qorxur, nə də rusdan çəkinir. İsrail tək Allahdan qorxur. Yəhudilər hər kəsi sevir və hər kəsə hörmətlə yanaşır. Ona görə də müharibə etmək lazım deyil. Hər zaman sülh arzulayırıq”.
Mənbə: Report.az