Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları ölkədə LGBT təbliğatı, eynicinsli münasibətləri dəstəkləyən mitinqlər və cinsiyyətin dəyişdirilməsi qadağan edən konstitusiyaya düzəlişlər və konstitusiya qanunu layihəsini parlamentə göndəriblər.
QafqazTürk.com xəbər verir ki,qanunverici orqanın saytında dərc edilən dəyişikliklərə əsasən, Gürcüstan Konstitusiyasında, xüsusən, 30-cu maddədə 3-cü bənd aşağıdakı redaksiyada yer alacaq – “Yetkinlik yaşına çatmayanların və ailə dəyərlərinin qorunması Gürcüstan Konstitusiyasının tərkib hissəsi olan konstitusiya qanunu ilə təmin edilir”.
Konstitusiya qanununun özü səkkiz bənddən ibarət olacaq. Yalnız ən azı 18 yaşında olan bir kişi və bir qadının birliyi nikah sayılacaq.
Yetkinlik yaşına çatmayan uşağın övladlığa götürülməsinə və ya qəyyumluğa yalnız evli olan heteroseksual şəxslərə icazə veriləcək. Konstitusiya qanunu cinsiyyətin dəyişdirilməsi ilə bağlı hər hansı tibbi müdaxiləni qadağan edəcək.
Bundan əlavə, qanun dövlət qurumlarını yalnız iki cinsi – kişi və qadını göstərən sənədləri verməyə məcbur edəcək. Öz himayəsində olan şəxslərə kişi və qadın cinsini təyin etmək üçün terminlərdən istifadə etməyi qadağan edən dövlət qulluqçularının və ya fiziki şəxslərin bu cür qərarları etibarsız sayılacaqdır.
Qanun layihəsi eynicinsli ailə və ya intim münasibətləri, qohumluq əlaqəsini, cinsiyyətini dəyişdirmək və ya eyni cinsli cütlük tərəfindən uşağın övladlığa götürülməsini qadağan edir.
Qanun eynicinsli ailə və ya intim münasibətləri təbliğ etməyə yönəlmiş material və ya proqramların yayımını da qadağan edəcək. Oxşar qadağa təhsil müəssisələrinə də şamil olunacaq.
Martın əvvəlində “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze demişdi ki, hökumət LGBT təbliğatına qarşı mübarizə üçün konstitusiyaya düzəlişlər hazırlayıb.
Eyni zamanda, siyasətçi qeyd edib ki, parlamentin hazırkı çağırışında iqtidar partiyası ölkənin əsas qanununa dəyişiklik etmək üçün kifayət qədər səsə malik deyil və müxalifətin təşəbbüsü dəstəkləmək ehtimalı azdır.
Düzəlişlər yazda qəbul olunmasa, “Gürcü rzusu” bu il oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra planlarını həyata keçirməyi, bunun ardınca parlamentdə konstitusiya çoxluğunu, yəni bütün mandatların ən azı dörddə üçünü təmin etməyi planlaşdırır.