Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə görüşüb.
Hökumət administrasiyasından verilən məlumata görə, görüşdə Gürcüstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğu, ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da dərinləşdirilməsi perspektivləri qeyd olunub.
“Gürcüstandakı əlverişli investisiya mühiti, biznesi dəstəkləyən dövlət proqramları, özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələr və artan ixrac potensialına diqqət yetirilib.
Abu Dabi Limanlar Qrupunun sərmayəsi ilə həyata keçirilən Tbilisi Quru Limanı layihəsinin əhəmiyyəti vurğulanıb, onun Orta Dəhlizin inkişafındakı rolu qeyd edilib. Söhbət zamanı ən böyük inkişaf şirkəti EMAAR ilə danışıqların uğurla başa çatdırılmasından, bunun nəticəsində Gürcüstanda mühüm investisiya layihələrinin həyata keçiriləcəyindən də söhbət açılıb.
Görüşdə, həmçinin Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub, bunun inkişafına vizasız rejimin tətbiqi əhəmiyyətli dərəcədə kömək edib.
Tərəflər müxtəlif sektorlarda ikitərəfli münasibətlərin daha da dərinləşməsinə kömək etməyə hazır olduqlarını təsdiqləyiblər”- bəyanatda bildirilir.