Gürcüstanın qərbində İmereti bölgəsində torpaq sürüşməsi nəticəsində azı üç nəfər həlak olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“İmereti bölgəsində leysan yağışları nəticəsində dörd yaşayış binasını əhatə edən torpaq sürüşməsi baş verib. Bağdati bələdiyyəsinin Nergeti kəndində axtarış-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər bir nəfəri xilas ediblər. Daha üç nəfərin meyiti tapılıb”, – deyə məlumatda vurğulanıb.
Xilasedicilər daha altı nəfərin axtarışlarını davam etdirirlər.
Hadisə yerinə 200-dən çox yanğınsöndürən və xilasedici cəlb edilib, ərazidə xüsusi texnika və kinoloqlar qrupu işləyir.
Qeyd edək ki, çərşənbə axşamı bütün Gürcüstanda hava kəskin şəkildə pisləşib. Ölkənin qərbində, eləcə də yüksək dağlıq rayonlarda külli miqdarda qar yağması yollarda problemlər yaradıb.
İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzindən verilən məlumata görə, əlverişsiz hava şəraiti bir neçə gün davam edəcək.