2024-cü il iyulun 1-dən sentyabrın 12-dək olan müddətdə seçki partiyaları ümumilikdə 9 milyon 571 min 423 lari ianə alıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu məlumat yayıb.
Məlumata əsasən, ən çox ianə alan partiya “Gürcü arzusu” dur – 8 milyon 246 min 460 lari. Bu müddət ərzində partiyaya 250-yə yaxın ianə daxil olub, onlardan 40-a yaxını “Gürcü arzusu”na 60-60 min lari verib.
Hakim partiyadan sonra müxalifət partiyalarından ən çox ianəni “Gürcüstan üçün Lelo” alıb. İyulun 2-dən sentyabrın 4-dək partiyaya 1 038 537 lari ianə daxil olub. Donorlar arasında partiyanın liderlərindən biri olan Davit Usupaşvili və Avtandil Tsereteli də var ki, onlar müvafiq olaraq 10 min və 60 min lari verib.
“Vahid Milli Hərəkat” ianəsinə gəlincə, partiya iyulun 1-dən sentyabrın 12-dək 164 455 lari alıb.
“Gürcüstan naminə” partiyası iyulun 1-dən sentyabrın 8-dək 118 971 lari ianə alıb. Donorlar arasında Beka Liluaşvili, Berdia Siçinava, Natia Mezvrişvili və Levan Qoqiçaişvili var.
Həmin dövrdə parlamentdəki müxalifət partiyası “Avropa Sosialistləri” pulu yalnız iyul ayında alıb. Üç donor ümumilikdə 3 min lari verib. Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında dərc edilən məlumata görə, “Vətəndaşlar” və “Strategiya Ağmaşenebeli” partiyaları heç bir ianə almayıb.