Gürcüstan parlamenti önündə “xarici agentlər” haqqında qanun layihəsinə qarşı etirazlar gecə boyu davam edib.
Modern.az xəbər verir ki, etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar.
Polis əməkdaşları aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Ombudsman Levan İoselaiani vəziyyətlə tanış olmaq üçün mitinq ərazisinə gəlib. Etirazçılar ona yumurta atıb və “Rusiyanın adamı” adlandıraraq ərazidən qovublar.
Polislər “Qirçi” partiyasının lideri Zurab Caparidzeni aksiyaçıların arasından çıxarıb və parlamentin həyətinə apararaq onu döyüblər.
Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qaz və su şırnaqlardan istifadə edərək aksiyanı dağıtmağa başlayıb. Nümayişçilər yaxınlıqdakı küçələrə qaçıblar.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.
Sözügedən qanuna etiraz edən vətəndaşlar və siyasi partiya fəalları parlament binası qarşısında etiraza toplaşıblar. Aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb.