Gürcüstanın Müdafiə Qüvvələri Türkiyədən NATO standartlarına uyğun yeni “VURAN” zirehli transportyorları alıb. Hərbi texnikanın tədarükü Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı imzalanmış müqaviləyə əsasən həyata keçirilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın Müdafiə Qüvvələrinin 4-cü piyada briqadasının Vaziani hərbi poliqonunda zirehli texnikalarının təhvil verilməsi mərasimi keçirilib.
Tədbirdə müdafiə nazirinin müavini Serqo Canelidze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və müdafiə attaşesi iştirak ediblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində olan “ASFAT” şirkətinin baş meneceri də tədbirdə iştirak etmək üçün Gürcüstana gəlib.
“VURAN” avadanlığı və alt sistemləri olan zirehli avtomobillər NATO standartlarına uyğundur.
Bildirilir ki, Gürcüstanın Müdafiə Qüvvələrinin qeyd olunan zirehli texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək.