Gürcüstan Texniki Universitetinin şikayəti əsasında Prokurorluq Gürcüstan Universitetinə qarşı istintaqa başlayıb

76

Gürcüstan Texniki Universitetinin rektoru David Qurqenidzenin şikayəti əsasında, Prokurorluq Gürcüstan Universitetinə qarşı istintaqa başlayıb:

“Gürcüstan Prokurorluğu Texniki Universitetin rektorunun – David Qurqenidzenin müraciəti əsasında, vəzifə səlahiyyətlərindən istifadə etməklə Gürcüstan Texniki Universitetinə məxsus böyük miqdarda əmlakın qanunsuz mənimsənilməsi və israf edilməsi faktı üzrə istintaqa başlayıb.

Rektor 17 oktyabr 2025-ci ildə Prokurorluğa müraciət edərək, Tbilisidə, Kostava küçəsi 77 ünvanında yerləşən, Texniki Universitetin istifadəsində və mülkiyyətində olan daşınmaz əmlakın (torpaq sahələri, binalar, tikililər və idman meydançaları) “Gürcüstan Universiteti” MMC-yə qanunsuz şəkildə özəlləşdirilməsi faktlarını qeyd edib.

İstintaq 24 oktyabr tarixində Gürcüstan Baş Prokurorluğunun Korrupsiya Cinayətlərinə Qarşı Mübarizə Departamenti tərəfindən, Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin II hissəsinin “d” bəndi və III hissəsinin “b” bəndi ilə başlanılıb.

Prokurorluq bildirib ki, istintaqın gedişi və hüquqi qiymətləndirmə barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.”

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan Texniki Universiteti Prokurorluğa müraciət edərək, Gürcüstan Universitetinin binasının müsadirə olunmasını və Texniki Universitetə verilməsini tələb edib. Müraciət Prokurorluğa rektor David Qurqenidze tərəfindən təqdim olunub.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Paşinyan: Ermənistan Türkiyə-Azərbaycan yük tranzitinə hazırdır
Öncəki yazı
Milli Müəllimlər Gününüz Mübarək!