Gürcüstan Prokurorluğu bir nəfərə qarşı qrup halında başqasının əmlakına zərər vurma faktı üzrə ittiham aktı açıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər dekabrın 4-də digər şəxslərlə birlikdə Tbilisi şəhərinin Rustaveli prospektində quraşdırılmış 112 saylı qəza idarəetmə mərkəzinin balansında olan videomüşahidə kameralarını zədələyərək dağıdıb və nəticədə onlara 7700 lari dəyərində ziyan dəyib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi dekabrın 9-da həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi, 3 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan “c” bəndi (özgənin əmlakına külli miqdarda ziyan vurmaqla qrup şəklində zərər vurma) ilə ittiham olunub.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddət ərzində Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.
Cinayət işi üzrə istintaq davam etdirilir”, – məlumatda deyilir.