Gürcüstan Prokurorluğu bir nəfərə qarşı Tbilisidə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı irəli sürüb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs onunla birlikdə yaşayan dostu ilə cinsi münasibətlər zəminində mübahisə edib, bu səbəbdən yuxuda olan zaman dostuna küt alət və bıçaqla müxtəlif nahiyələrdən xəsarət yetirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə həyatını itirib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi oktyabrın 5-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-109-cu maddəsinin, (Cinsi oriyentasiya əlaməti əsasında dözümsüzlük zəminində, köməksiz vəziyyətdə olan ailə üzvünə qarşı qəsdən adam öldürmə) 16 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutan “e” və “k” bəndləri ilə ittiham olunub.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir”, – deyə məlumatda qeyd olunub.