Gürcüstan Parlamentinin komitə sədri David Sonqulaşvili Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb – FOTO

49

Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə dost ölkələr olan Gürcüstan və Azərbaycan arasındakı münasibətlərin inkişafından razılıq ifadə olunub.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin Azərbaycan Milli Məclisinin sədrinə salamlarını çatdıran David Sonqulaşvili Azərbaycanda növbədənkənar prezident seçkilərinin Azərbaycanın bütün suveren ərazilərində uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasındakı əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını bildirib.

Söhbət zamanı bildirilib ki, Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz arasındakı münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rolu qeyd olunaraq ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyi vurğulanıb.

Parlamentlərarası əlaqələrin Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu bildirən Sahibə Qafarova deyib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmçinin, qanunvericilik orqanlarımızın komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.

Görüşdə diqqətə çatdırılıb ki, Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlıqda iqtisadi məsələlərin vacibliyi nəzərə alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri arasında əlaqələrin gücləndirilməsi həm parlamentlərimiz, həm də daha geniş mənada dövlət qurumlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.

Görüşdə Qərbdə bir sıra beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

34
9
Kateqoriya: Siyasət
Sonrakı yazı
KİV: “Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək”
Öncəki yazı
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür