Mülki Aviasiya Agentliyi heliportların tikintisi üçün Gürcüstan ərazisində fəaliyyət göstərməyən və yeni aerodromların tikiləcəyi yerləri araşdırıb. Aparılan araşdırmanın müvafiq hesabatı artıq hazırdır.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, layihənin həyata keçirilməsi məqsədilə ümumilikdə 333 ərazi qiymətləndirilib.
İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin qeyd etdiyinə görə, ölkədə aviasiya infrastrukturunun müxtəlif istiqamətlərdə inkişafı planlaşdırılır. Xüsusilə, Kutaisi Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının tikintisi planlaşdırılır ki, bu da həm adıçəkilən hava limanının potensialının, həm də ölkənin hava yükdaşımalarının yaxşılaşdırılmasına töhfə verəcək. Bundan başqa Telavi hava limanının reabilitasiyası, yeni terminal infrastrukturunun təşkili və mövcud uçuş-enmə zolağının genişləndirilməsi planlaşdırılır. Layihə yerli təyinatlı uçuşların coğrafi ərazisini genişləndirmək, daxili uçuşları və turizmi stimullaşdırmaq məqsədi daşıyır.
“Heliportların tikintisi məsələsinə gəlincə, nəzərinizə çatdırım ki, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tapşırığına əsasən, Mülki Aviasiya Agentliyi tərəfindən Gürcüstan ərazisində fəaliyyət göstərməyən və yeni aerodromların yerləşdirilməsinin texniki tədqiqi başa çatdırılıb və helikopterlər üçün aerodromların təşkilinin mümkünlüyü haqqında hesabat hazırlanıb. Ümumilikdə 333 əraziyə baxış keçirilərək qiymətləndirilib və müvafiq nəticələr hazırlanıb ki, bu da heliportların tikintisi üçün konkret yerlərin seçilməsi üçün vacibdir”, – deyə Mülki Aviasiya Agentliyindən bildirilib.