Berlində Gürcüstanın Aİ ölkələrindəki fövqəladə və səlahiyyətli səfirlərinin işgüzar görüşü keçirilib.
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili tədbir iştirakçıları qarşısında çıxış edib. Nazir ölkənin Avropaya inteqrasiyası istiqamətində atdığı addımlardan və gələcək planlardan danışıb.
O, səfirlərlə görüşdə Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması üçün ilin sonuna kimi həyata keçirilməli olan daxili iş planına toxunulduğunu qeyd edib.
Nazir Aİ-nin dəstəyinin vacibliyinə diqqət çəkib.
“Avropa İttifaqında Gürcüstanla bağlı əhval-ruhiyyə çox müsbətdir ki, bizə bu istiqamətdə daha çox işlər görməyə güc verir. Hesab edirəm ki, biz ardıcıl və məntiqli şəkildə tərəfdaşlarımızın Gürcüstanla bağlı müvafiq qərar qəbul etmələri nöqtəsinə doğru irəliləyirik. Biz aktiv şəkildə işləməyə davam edəcəyik”- deyə XİN rəhbəri qeyd edib.
XİN rəhbəri səfirliklər arasında koordinasiya məsələsi və vahid fəaliyyət planından danışıb.
Xatırladaq ki, mayın 10-da Berlində Gürcüstanın Aİ-yə üzv ölkələrdəki diplomatik missiya rəhbərlərinin görüşü keçirilib. Tədbirdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri və Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri də iştirak ediblər.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.