Dünən, yəni 2024-cü ilin oktyabrın 26-da ölkəmizdə parlament seçkiləri keçirildi və hakim partiya bu seçkilərdə qalib gəldi.
QafqazTürk Media xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov ölkədə keçirilən seçkilərlə bağlı bəyanat yayır.
Mərkəzi Seçki Komissiyasının(MSK) yayımladığı seçki nəticələri aşağıdakılardır:
Gürcü arzusu- Demokratik Gürcüstan- 54,086 %
Dəyişiklik Koalisiyası- 10, 923%
Vahid Milli Hərəkat- 10, 122%
Güclü Gürcüstan – Lelo- 8,781%
Qaxaria Gürcüstan üçün- 7, 761%
Bu nəticələrə görə qalib Gürcü arzusu partiyasını Gürcüstan Azərbaycanlıları Konqresi olaraq təbrik edirik, ölkəmizdə iqtisadi inkişafın davamlılığını, sülhün, əmin-amanlığın təmin olunmasını, milli mədəniyyətimizin və ailə bütövlüyümüzün qorunmasını diləyirik.
İnanırıq ki, Gürcüstan öz dövlətçiliyini və ləyaqətini qoruyaraq bütün dünya ölkələri ilə bərabərhüquqlu münasibət quracaq, vətənimizin maraqlarına uyğun gələn bütün beynəlxalq qurumlara inteqrasiya edəcəkdir.
Ölkəmizin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü təmin olunacaqdır.
Xüsusi olaraq vurğulamaq istərdik ki, Gürcüstanda davamlı sülhün təmin olunması bütün cənubi Qafqazda stabillik və iqtisadi inkişaf deməkdir.
Ümidvarıq ki, Gürcüstanımız Qafqazda sülhün arbitri olaraq öz şərəfli missiyasını davam etdirəcəkdir.
Parlament seçkilərinin nəticələrinə görə Azərbaycanlılarımızdan Zaur Darğallı, Savalan Mirzəyev və Oktay Kazımov parlamentdə bizi təmsil etmək mandatı qazanıblar. Hər üçünə uğurlar diləyirik. İnanırıq ki, Gürcüstanımızın mənafeyini, seçicilərinin maraqlarını həmişə hər şeydən üstün tutmağı bacaracaqlar.
Vətənimiz Gürcüstanın milli dövlətlərimiz Azərbaycan və Türkiyə ilə münasibətlərinin bütün sahələrdə artan dinamika ilə inkişafına böyük ümid bəsləyirik.
Hər kəsi ola biləcək provakasiyalardan və qarşıdurmalardan çəkinməyə çağırırıq.
Gürcüstan vətəndaşlarının adil seçiminə hörmətlə yanaşan ölkələrə, beynəlxalq qurumlara öz dərin təşəkkürümüzü bildiririk!