This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresinin Bəyanatı

107

Another advertisement

Gürcüstan Azərbaycanlıları Konqresinin Bəyanatı

Yanvarın 21-də dövrümüzün böyük söz ustadı, təkcə Gürcüstanın və Azərbaycanın deyil, eləcə də bütün Türk Dünyasının fəxri olan Xalq şairi Zəlimxan Yaqubun (1950.21.01 2016.9.01) anadan olmasının 75 ili tamam olur. Yaradıcılıqda özünəməxsus dəst-xəttə malik, ölməz əsərləri ilə milyonların qəlbində özünə heykəl quraraq hələ sağlığında heykəlləşən şairin yubileyi ölkəmizdə də geniş şəkildə qeyd olunacaqdır.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, onu təkcə böyük şairə olan sevgilər fonunda deyil, həm də ailəmizin sevimli üzvü olaraq, ehtiram və hörmətlə anırıq və anacağıq!

Azərbaycan-Gürcüstan əlaqələrini uca zirvələrə daşıyan ən böyük vətənsevər, yurdsevər insanlarımızdan biri olub. Azərbaycanın və Gürcüstanın ali dövlət mükafatları ilə təltif edilməsi də müvafiq olaraq “Şöhrət” və “Şərəf” ordenləri bundan xəbər verir.

Ən böyük mükafatı isə həm Gürcüstanda, həm də Azərbaycanda ona bəslənilən ümumxalq sevgisidir.

Bütün tariximiz ərzində heç kim Azərbaycanda, ya da Türkiyədə Borçalı aşıq məktəbinin təmsilçilərini: Aşıq Əmrahı, Aşıq Hüseyn Saraclını, Aşıq Kamandarı və başqalarını uca kürsülərdən, mötəbər məclislərdən belə yüksək dəyərləndirməyib!

Gürcüstan Azərbaycanlıları Konqresi il ərzində bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. O cümlədən, şairin dogma Kəpənəkçi kəndində, Bolnisidə, Marneulidə və Tbilisidə, həmçinin qardaş Türkiyənin Qars şəhərində, Qars Qafqaz Universitetində silsilə tədbirlər planımız var. Poeziyasevərlərin Zəlimxan Yaqub poeziyasının işığına yığışmaq arzuları çin olacaq!

Xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirəcəyik.

Şeir müsabiqələri, müxtəlif aşıq havaları üstündə bu böyük söz ustadının şeirlərinin ifası nəzərdə tutulur.

Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı əsl ədəbi hadisədir!

Onun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

Bu Bəyanatla 2025-ci ili “Zəlimxan Yaqub ili” elan edirik!

Zəlimxan Yaqub ömrü ayrıca bir kitab, bir bitməyən dastan olduğuna görə, ömür yolundan kiçik yarpaqlarla kifayətlənirik:

Xatırladırıq ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalıda – Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər isə “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Zəlimxan Yaqub İlinə xoş gəldiniz, dostlar!

Bütün Zəlimxansevərlərə dərin hörmətlə

Hüseyn Yusubov

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

 

Sonrakı yazı
Avropa Komissiyası Ukraynaya humanitar yardım üçün 148 milyon avro ayırıb
Öncəki yazı
Sadaxlı kəndində gənc oğlan boğularaq dünyasını dəyişib