This is a specific ad

Gürcü şairin Azərbaycanın görkəmli ziyalısına yadigar şeiri

262

Another advertisement

Nikoloz (Baçana) Razikaşvili (1866-1928) görkəmli gürcü şairi Vaja Pşavelanın kiçik qardaşı olub. O, Qori Müəllimlər Seminariyasını bitirib. Bir sıra şeir və əsərlərin müəllifidir, gürcü xalq poeziyasının nümunələrinin toplanılması ilə fəal məşğul olub.

Baçana 1885-ci ildə Qori seminariyasında təhsil alarkən dərs zamanı “Qardaşım Köçərliyə” adlı şeir qələmə alıb. Şeir Azərbaycanın görkəmli maarifçisi, pedaqoqu, tənqidçisi, ədəbiyyatşünası, yazıçı- publisisti, ictimai xadimi Firudin bəy Köçərli (1863-1920) üçün yadigar olaraq yazılıb. Məlumdur ki, F.Köçərli 1879-1885-ci illər ərzində Qori seminariyasında təhsil alıb. Təhsil dövründə Baçana və görkəmli azərbaycanlı ziyalı arasında dostluq əlaqələrinin olduğuna dair məlumatlar var.

Şeir “Bir sinədə iki ürək” (Bakı-1981) kitabında yer alıb, dilimizə Əlixan Binnət tərcümə edib.

Quzğun uçub gəldi dağın dalından,

Vadilər ruhuna yatdı bu yerdə.

Gördü ki, leş-leşə veribdi hər yan,

Axır arzusuna çatdı bu yerdə.

***

Günəş öz işində, Günəşə nə var,

Bizim Günəşimiz qaraldı, qardaş.

Azad bir quş idik, vurub saldılar,

Yetər, hövsələmiz daraldı, qardaş.

***

Gəl mənə həyan ol, sevinsin ürək,

Dar gündə arxadı qardaş qardaşa.

Sözümüz, sirrimiz bir olsun gərək,

Uca dağlar kimi dayanaq qoşa.

***

Gərək xidmət edək təmiz niyyətə,

Kədəri, sevinci yarı bölək biz.

Gərək ya qələbə çalaq zülmətə,

Ya da soyuq məzar olsun yerimiz.

***

Bilirəm, köksündə çırpınan ürək

Nəcibdi, təmizdi, sən mənə sirdaş.

Bu kiçik şeirimi ümid rəmzitək.

Qardaşlıq rəmzitək qəbul et, qardaş.

Sonrakı yazı
24 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Dəhşət- Qəzada 10 yaşlı uşaq dünyasını dəyişib, sürücü isə intihara cəhd edib