This is a specific ad

Gürcü politoloq: “Qriqoryanın Tbilisiyə səfəri Qafqazda sülh prosesinin bir hissəsidir”

59

Another advertisement

“Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra Ermənistanın Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Tbilisiyə səfəri Qafqazda sülhün yaranması istiqamətində atılan addımların bir hissəsidir”.

QafqazTürk.com xəbər verir ki,bu fikri Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Armen Qriqoryanın Tbilisiyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi öz təhlükəsizliyini gücləndirmək üçün Gürcüstanla sıx təmaslar qurur. Bu da onunla bağlıdır ki, artıq Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hazırdır.

Levan Mamaladze qeyd edib ki, Ermənistan Rusiya ilə hərbi sahədə təmasları azaltdığı üçün özünü təhlükə altında sayır. Ermənistan mümkün təhlükə anında Gürcüstan tərəfdən onlara dəstək gəlməsini istəyir.

“Həm sülh prosesi, həm də regionda təhlükəsizliyin qorunması üçün Gürcüstanla Azərbaycan çox mühüm işlərə imza atırlar. Təbii ki, bu prosesə Ermənistanın da qoşulması olduqca vacibdir. Belə olan zaman isə heç kimə regionda çaxnaşma yaratmaq imkanı verilməyəcək. Regionda üçüncü ölkələrin qızışdırdığı münaqişələr tarixin bir parçası olmalıdır”, – politoloq bildirib.

L.Mamaladzenin sözlərinə görə, rəsmi Tbilisi həm də İrəvandan Gürcüstanın ərazi bütövlüyünün tanınmasını tələb edir: “Bu məsələni Ermənistanın baş naziri Nikol Paşinyan da dilə gətirib. Maraqlısı odur ki, Abxaziyada yaşayan ermənilər bu çıxışa etiraz edənlər sırasındadır. Orada kompakt şəkildə yaşayan radikal erməni qrupları konkret olaraq Gürcüstanın ərazi bütövlüyünün tanınmasına qarşı çıxırlar. Elə bu qruplar da Abxaziyanın Gürcüstanla əlaqəsinin kəsilməsində böyük rol oynayırlar”.

“Azərbaycanın mövqeyi bəllidir. Ölkəniz hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb. Biz də bu səbəbdən dost və qardaş ölkə olan Azərbaycanın daim yanındayıq”, – L.Mamaladze vurğulayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qəzzada atəşkəsi müzakirə etmək üçün ABŞ, İsrail və Misir heyəti Qətərə gəlib
Öncəki yazı
“Georgian Airways” Tbilisi və Sankt-Peterburq arasında uçuşlara başlayır